Məkkənin Məscidul-Həram məscidinin keçmiş imamı Şeyx Adel əl-Kəlbaninin motosikletdə çəkdirdiyi şəkillər sosial şəbəkədə müzakirələrə səbəb olub. Bu barədə iyulun 19-u İslamNews xəbər verib.
Əl-Həram məscidinin keçmiş imamı əyninə zolaqlı dəri bayker jileti geyinərək “Harley-Davidson” motosikleti ilə səyahət edib. Yolda bir müsəlman onu tanıyaraq şeyxin şəklini çəkib. Daha sonra bu şəkil sosial şəbəkələrdə yayılıb. Bəzi istifadəçilər şeyxə qarşı tənqidi fikirlər səsləndirib, bəziləri isə onun xobbisinə dəstək veriblər.
Qeyd edək ki, ötən ilin noyabr ayında Adel Əl-Kəlbaninin musiqi və eyş-işrət məclislərinin təbliği ilə məşğul olması insanların qınağına səbəb olub. O “Riyadh Season” musiqi və əyləncə festivalının reklam çarxında çəkilib. Dindarlar Məkkənin keçmiş imamının əvvəlki vəzifəsini nəzərə alaraq, bu cür tədbirlərin təbliğatından çəkinməli olduğunu vurğulayıblar.
Bundan öncə, 2018-ci ildə Əl-Kəlbani “Balut” adlı kart oyununun çempionatında iştirakı ilə məşhur olub. Balutun pokerlə oxşarlığı olsa da, onu pul müqabilində oynamırlar. Oyunun halal olmasını vurğulamaq üçün çempionata ölkənin böyük şeyxlərindən biri olan Əl-Kəlbani dəvət edilib.
Bir çox alimin, o cümlədən Ayətullah Sistaninin fətvasına əsasən, hətta pul müqabilində olmasa belə, kart oyunu vacib ehtiyyata əsasən, haramdır.
Adel bin Salem bin Səid Əl-Kəlbani Səudiyyənin Ər-Riyad şəhərindəki Kral Xalid məscidinin imamı olub. 2008-ci ildə o, ramazan ayında Məscidul-Həramın “təravih” (ramazan ayında əhli-sünnə tərəfindən qılınan namaz) namazlarının imamlığına təyin edilmişdir.