İyulun 18-i müsəlmanlar Qədir-Xum bayramını qeyd edirlər. Dünən və bu gün məsum İmamların (ə.s) hərəmlərində müxtəlif tədbirlər keçirilir.

Bayramın ilk günü Həzrət Əlinin (ə.s) hərəmi bəzədilib və orada bayram tədbirləri təşkil olunub. Minlərlə insan üçün şirniyyat süfrəsi açılıb.

İranın Qum şəhərində isə Xanım Məsumə (s.ə) hərəminin ziyarətçilərinə 95 min ehsan payı verilir. Hərəm yaxınlığında yeddi çadır qurulub ki, insanlar buradan öz ehsanlarını götürə bilərlər.

Məşhəddə, İmam Rzanın (ə.s) hərəmi ölkə üzrə insanlara bir milyon qida payı ehsan edib. İyulun 16-dan başlayan bu tədbirlər bu gün də davam edəcək. Bundan əlavə, bayram gecəsi yeni ailə həyatı qurmuş cütlüklərə hərəm tərəfindən müxtəlif məişət avadanlıqları hədiyyə edilib.

Kərbəlada İmam Hüseynin (ə.s) və Əbəlfəzl Abbasın hərəmi minlərlə zəvvar üçün bayram tədbirləri keçirib. Beynul-hərəmeyndə xütbələr və mədhiyyələr oxunub. Bundan sonra isə orada İmam Əlinin (ə.s) hərəm bayrağı ucaldılıb.

Qədir-Xum bayramı iyulun 18-də başlayıb. Ümumilikdə bu bayram üç gün davam edir. Belə ki, Peyğəmbər (s) İmam Əlini (ə.s) öz canişini təyin etdikdən sonra müsəlmanlar üç gün müddətində Həzrəti təbrik ediblər.