Bu gün hicri-qəməri tarixi ilə zilhiccənin 18-də (iyulun 18-i) dünya müsəlmanları Qədir-Xum bayramını qeyd edir. Bununla əlaqədar Həzrət Əlinin (ə.s) hərəmində bayram tədbirləri görülür.

Qədir-Xum günü bayram qüslu alıb oruc tutmaq müstəhəbdir. İmam Sadiq (ə.s) buyurub: “Bu gün oruc tutan şəxsin savabı 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir” (Şeyx Səduq, s.476).

Şəriətdə Qədir-Xum gününün xüsusi namazı qeyd olunub. Zöhr azanına yarım saat qalmış qılınan namazın hər rükətində 1 Fatihə, 10 İxlas, 10 Ayət əl-kursi və 10 dəfə Qədr surəsi oxunur. Namazı bitirdikdən sonra səcdəyə gedib, 100 dəfə Allaha şükür edilir (“Şukran lillah” demək). Gün boyu ibadət etmək, məsumlara (ə.s) salavat göndərmək, Nüdbə duası və “Əminullah” ziyarətnaməsini oxumaq bəyənilir.

Hədislərə əsasən, hicrətin 10-cu ilində zilhiccənin 18-i Peyğəmbər (s) sahabələri ilə birlikdə Həcc ziyarətini bitirdikdən sonra Cöhfə məntəqəsinə yola düşdü. Qədir-xum adlanan əraziyə çatdıqda ona vəhy olundu: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, risalətini yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq” (Maidə surəsi 67).

Günorta namazından sonra Peyğəmbər (s) hündür bir yerə qalxıb sahabələrinə yaxın zamanda onları tərk edəcəyini və özündən sonra iki böyük əmanət saxlayacağını buyurdu.

Rəsulallah (s) buyurub: “Dəyərli və böyük əmanət Allahın kitabıdır, bir tərəfi Allahın əlindədir, digər tərəfi isə sizin əlinizdədir. Ondan möhkəm yapışın və əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Digər dəyərli əmanətim isə Əhli-Beytimdir. Hər şeyi bilən Allah mənə bildirdi ki, bu iki əmanət cənnətdə mənə yetişənə qədər bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin və onlardan geridə də qalmayın ki, həlak olarsınız!”

Peyğəmbər (s) Əli ibn Əbu Talibin (ə.s) əlini yuxarı qaldıraraq üç dəfə dedi: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır”. Bundan sonra Allahın Rəsulu belə dua etdi: “İlahi, onunla dost olana dost, ona düşmən olana düşmən ol. Onu sevəni sən də sev, onu qəzəbləndirənə qəzəbli ol. Ona kömək edənlərə kömək et, onu tək qoyanları isə xar və zəlil et! Haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”

Camaat dağılmamış yeni ayə nazıl oldu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı seçdim” (Maidə 3).