Azərbaycanda bir sıra şadlıq sarayları məhərrəm ayına toy sifarişləri qəbul etmir. Belə ki, ənənəvi olaraq məhərrəm ayında toyların keçirilməsi düzgün hesab edilmir. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Oxu.Az-a müsahibə verib.

Sabiq sədrin fikrincə, məhərrəm ayında toy mərasimləri keçirmək olar və bu, günah deyil. O, yalnız aşura günü toy keçirməyin düzgün olmadığını hesab edir.

Lakin ölkədə bir sıra şadlıq sarayları adət-ənənəyə sadiq qalaraq məhərrəm ayına toy sifarişləri qəbul etmirlər. Bəzi inzibatçılar sifarişlərin olduğunu, lakin heç vaxt onları qəbul etmədiklərini bildiriblər. “İllərdir bunları qoruyub-saxlamışıq, bundan sonra da belə olacaq”, – deyə şadlıq sarayının nümayəndəsi qeyd edib. Digər bir restorandan isə belə sifarişlərin qəbulunun ayıb olduğu söylənilib.

Məhərrəm ayında toy keçirmək İslam Peyğəmbəri (s) və onun Əhli-Beytinə (ə.s) hörmətsizlik sayılır. Əsrlərdir ki, Azərbaycanda məhərrəm ayında toy məclisləri keçirilmir. Lakin son illər bu ənənə bir neçə dəfə pozulub.

İmam Hüseynin (ə.s) şəhadəti İslam dininin qorunmasına başlıca səbəb olub. Bəziləri elə hesab edir ki, Həzrətin (ə.s) şəhadəti yalnız ərəb tarixinin bir hissəsidir. Lakin Peyğəmbərdən (s) İmam Hüseynin (ə.s) tərifinə xeyli sayda hədislər var. Allahın Rəsulu (s) buyurub: “Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kəs Hüseyni istəsə, Allah da onu istəyər” (Əl-müstədrəku ələs-səhiheyn /177/2).

Peyğəmbər isə tək ərəbin deyil, bütün insanların Peyğəmbəridir.

Bu il məhərrəm ayının iyulun 30-da daxil olacağı gözlənilir. Aşura günü avqustun 8-nə, Ərbəin isə sentyabrın 17-nə təsadüf edəcək. Bunu Şamaxı Astrofizika Rəsədxanasına istinadən QMİ bildirib.