Əllamə Ayətullah Hacı Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi Azərbaycanın fəqih və din xadimlərindən biri idi. O, 1895-ci ildə Təbriz şəhərində anadan olub. Həmin dövrdə onun atası Əbül-Qasim Ordubadi müvəqqəti yaşamaq üçün Təbrizə gəlmişdi.
1908-ci ildə ailə Nəcəfə qayıdır. Məhəmməd Əli ibtidai təhsilini aldıqdan sonra İslam elmlərini oxumağa başlayır, dövrünün məşhur alimlərindən sayılan Şeyx Şəriət İsfahani, Mirzə Əli ağa Şirazi və başqalarından fiqh və üsul dərslərini alır. O, Ayətullah Naini, Ayətullah Mirzə Əli Şirazi kimi alimlərdən ictihad icazəsi alır.
Ordubadi müxtəlif ölkələrin, o cümlədən Suriya, İraq, Livan, İran alimlərindən rəvayət təhqiq edib yazmaq, hədislər toplamaq icazəsini almışdır. Din xadimi Nəcəfin elm ocağında 20 il müddətində Ayətullah Məhəmməd Həsən Kompani İsfahanidən fəlsəfə və hikməti, Ayətullah Məhəmməd Cavad Balaqanidən kəlam və təfsir, Ayətullah Şəriət İsfahanidən hədis və rical elmlərini öyrənib.
Müasirləri onun şeir və kitab yazdığını qeyd etmişlər. Onun ərəb və fars dillərində şeirləri var. Ordubadi böyük alimlərin köhnələn kitablarını özü təzədən yazır və bununla da onların məhv olmasının qarşısını alırdı. Alimin “Əl-hədaiqul-zatul-ikman”, “Əl-hədiqətul-Bəhiyyə”, “Zəhru Rəbbib”, “Zəhru riyaz” kimi 50-dən çox əsərlərini qeyd etmək olar.
Ordubadi, həmçinin “Əl-Ğədir” kitabının yazılmasında Əllamə Əminiyə yaxından köməklik göstərmişdir. O, “Əl-Ğədir” kitabının səlis dil və aydın üslubda qələmə alınması üçün müəllifə dəyərli məsləhətlər vermiş, kitabın redaktə və Azərbaycan dilinə tərcümə prosesində fəal iştirak etmişdir.
Mirzə Məhəmməd Əli Ğərəvi Ordubadi 1960-cı ildə Kərbəlada vəfat edib və Nəcəfə gətirilərək atasının yanında, İmam Əlinin (ə.s) hərəmində dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.