Xoşbəxtliyə çatmaq üçün Ayətullah Əl Üzma Behcətdən 40 nəsihət bunlardır:
- Ölümü həmişə yad et ki, bütün işlər sənə asan olsun;
- Qeybət, həsəd və paxıllıq etmə, töhmət vurma, çox danışma, naməhrəmə baxmaqdan uzaq ol, haqq sözlərə qulaq as, gecə namazını yaddan çıxartma, hər an zikrlə məşğul ol, təfəkkür et və hər gün özündən hesab çək;
- Şeytan həmişə insanın sorağına gəlib onu azğınlığa dəvət edir. Allah-təalanı yad etməyi unutma; çünki Şeytan damardakı qana bənzəyir. Çoxlu tövbə et;
- Öz taleyindən şikayətlənən şəxs kiçik ruha malikdir. Başqalarının tərifi ilə xoşhal olan şəxs özünə inanmır;
- Zikrlərin ən gözəli Quran oxumaq, tövbə etmək (“Əstəğfirullah” demək), “La ilahə illəllah” kəlməsini və salavatı demək, dua etmək, İmam Zaman (ə.f) tərəfindən sədəqə verməkdir. Hər vaxt dua etmək ruhiyyəsinə malik olmadınsa, təklikdə Allahı yad etməyi unutma;
- Həyatında proqram üzrə hərəkət etməyə səy et, belə ki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadətə, dua və mütəal Allahla raz-niyaza sərf et. Heç vaxt bikar qalma, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır;
- Cismimiz xəstələndikdə təbibə müraciət edib bəzi yeməklərdən pəhriz etdiyimiz halda, nə üçün ruhumuz xəstələndikdə (hər kəs imanının zəifliyi qədər ruhi xəstəliyə düçardır), qadağan olunmuş əməllərdən çəkinmirik?! Hər bir sözü danışır, hər bir şeyə nəzər salırıq; dilimizi, gözümüzü, qulağımızı haram şeylərdən saxlamır və əməlimizi ixlasla yerinə yetirmirik;
- Mal-dövlət kimi şeylər qəbrə qədər, elm və əməl isə qiyamət gününə qədər bizimlədir. Belə isə saleh əməllər yerinə yetir, mal-dövlət yığma. İnsanlarla deyil, mütəal Allahla ünsiyyətdə ol, bil ki, bu dünyada bir müsafir kimisən;
- Ölülərdən ibrət, keçmişdə yaşayanlardan isə nəsihət al; heç kəsin qəlbini sındırma, seyidlərə ehtiram göstər, xalqın əlində olanlara göz dikmə, dünya əyləncələri, oyun-oyuncaqları ilə məşğul olma; çünki ölüm səni qəfildən haqlayacaq. Dünya ləzzətlərinə ürək bağlayan şəxsləri ağıllı hesab etmə, ruzi barəsində qüssələnmə, nə qədər ki ömür var, ruzi də var;
- Məcburi dostlarınla (atan, anan, həyat yoldaşın, qonşuların və s. kimi şəxslərlə) mehriban ol və onların ağrı-acılarına döz;
- Hədəf, fəaliyyət və müqavimət insanın müvəffəqiyyət rəmzidir. Sənin həyatdakı hədəfin, yalnız Allah olmalıdır. Yaxşı əxlaqlı ol ki, bəsirət gözün açılsın;
- Keçmişin haqqında fikirləşmə, çünki o artıq ötüb keçmişdir, hətta günəş də ona çata bilməz. Gələcək üçün də qüssələnmə, çünki sənin Allahın vardır. Allaha təvəkkül et və yalnız hazırkı vəziyyət haqqında fikirləş. Əgər yaxşı əməl yerinə yetirsən, həm dünyada, həm də axirətdə səadətli və başıuca olarsan;
- Heç vaxt yalan danışma, çünki yalan danışan şəxs Allahın düşmənidir. Yalan danışmaqla bir xətanın üstünü örtmək, parçanın ləkələrini onu deşməklə aradan aparmaq kimidir;
- Şücaət bədənin, səxavət isə mal-dövlətin bəxşişidir. Şücaətli ol və günahlarından tövbə et, çünki bu iş insanı yüngülləşdirib Allaha doğru yönəldir;
- Odu su ilə söndürdüyün kimi, şər işi də xeyir əməl yerinə yetirməklə söndür;
- Comərd şəxslər yandırıcı olan və dünyanı öz nuru ilə işıqlandıran axan ulduza (meteroidə) bənzəyir;
- Şirinliklərin tamını dadmaq istəyirsənsə, çətinliklərdə və müsibətlərdə dözümlü ol. Nəfslə mübarizə aparmaq acı dərmana bənzəyir və onu qəbul etməyin yaxşı təsirləri vardır;
- Allahı həmişə yad edənləri sən də yad et;
- Sakit və asudə həyat sürmək istəyirsənsə, kimsəyə özündən danışma (sirrini başqasına vermə). Sirr sənin əsirindir, lakin ağzından çıxsa, sən onun əsiri olarsan;
- İnsanın nəfsi istəkləri içərisində heç bir şey tənbəllik qədər təhlükəli deyildir. Öz vaxtında fürsətdən istifadə et;
- Ölülərini yad et; xüsusilə cümə günündə sədəqə vermək, salavat göndərmək, namaz qılmaq və Quran oxumaqla onları yad et;
- Səxavətli və əliaçıq ol, lakin mal-dövlətini xərcləməkdə ifrata varma (israf etmə), onu hesab-kitab üzrə xərclə, lakin çox tələbkar olma;
- Nə qədər ki günahların bağışlanmayıb, başqalarının eybini axtarma! Nə qədər ki İlahi xəzinə vardır, qüssələnmə! Nə qədər ki Allah vardır, başqasına ümidvar olma! Nə qədər ki Şeytan vardır , onun məkr və hiyləsindən qafil olma!
- Heç vaxt yersiz xəyallar, puç və uzun-uzadı arzularla yaşama, himmət sahibi ol. Çünki himmət sahibi olan heç bir şəxs həyatın ağrı-acılarında ümidsizliklə üzləşməz, məyus olmaz;
- Bütün ömrünü Allahı yad etməyə sərf et;
- Nəfslə mübarizənin ilk şərti xəyallara dalmamaqdır. Çünki xəyal yüksəkliklərdə uçan bir quşa bənzəyir və insanın bədbəxt olmasına səbəb olur. Xəyal Şeytanın məkr və hiyləsindən biridir və insanı bədbəxt edir. Belə isə xəyalın hər yerə uçmasına icazə vermə;
- Gecə namazı qılmaq məqsədilə yuxudan oyanmaq üçün yatanda dəstəmaz alıb dişlərini fırça ilə yuduğun və üzü qibləyə oturduğun halda, ya üç dəfə “İxlas” surəsini, ya “Kəhf” surəsinin axırıncı ayəsini oxu, ya xanım Fatimeyi Zəhranın (s) təsbihatını, ya da yüz dəfə “La ilahə illəllah” zikrini de;
- Hər ay ən azı, üç gün oruc tut, ayın birinci gününün (müstəhəb) namazını və qüslünü yaddan çıxarma. Hər gün sübh və axşam, xüsusilə cümə və ayın birinci günündə sədəqə ver;
- Gecə və gündüzün müstəhəb (və otuz dörd rükətdən ibarət) olan nafilə namazlarını qıl, əgər vaxtında qıla bilməsən, onların (xüsusilə gecə namazının və sübh namazının nafiləsinin) qəzasını qıl;
- İmam Zamanın (ə.f) və digər imamların namazlarını qılmağı, xüsusilə Əhli-beytə (ə.s), ölülərə, şəhidlərə, alimlərə və qohum-əqrəbaya namaz qılıb hədiyyə etməyi unutma. Heç olmazsa, hər gün bir dəfə imamzadələrin, yaxud qəbir əhlinin ziyarətinə gedib qəbiristan əhlinin ziyarət duasını oxu. Həftədə bir dəfə xəstələrin görüşünə get, ölümü və başqalarının çətinliklərini yad et;
- Evində tərcüməli bir Quran və bir “Məfatihul-cinan” kitabı olsun, vaxtın olduqda onları oxu;
- Başqaları ilə az əhd-peyman bağla; əgər əhd-peyman bağlasan da, hökmən ona əməl et;
- Sirrini, xəstəliyini və yoxsulluğunu başqalarından gizli saxlamağa səy et, çətinliyini dərhal dilə gətirmə; bil ki, çətinlikləri həll edən yalnız Allahdır!
- Həmişə zikr etməyə və evdən çölə çıxdıqda dilini qorumağa səy göstər;
- Həyatında Allahın göstərişlərinə əməl edən şəxsin yaxşı yaşamasına, axır-aqibətinin yaxşılıqla sona yetməsinə və hər iki dünyada başı uca olmasına zəmanət verilmişdir;
- Həmişə dəstəmazlı ol, çünki dəstəmaz nurdur;
- Əgər Allahın buyruqlarına əməl etsən, Allah da sənin istədiyini əta edər;
- Heç olmazsa, həftədə bir dəfə “Camieyi-kəbirə”, “Aşura”, “Ərbəin”, “Əminullah” ziyarətini, “Əhd”, “Səmat”, “Ali-Yasin”, “Əşərat”, “Kumeyl”, “Nüdbə”, “Təvəssül” dualarını oxu, “Cəfəri Təyyar” və “Tövbə” namazlarını qıl;
- Allahın ən böyük adları olan surə və ayələri – “Həmd”, “İxlas” və “Qədr” surələrini, eləcə də “Bəqərə” surəsinin 148 və 274-cü, “Ali-İmran” surəsinin 16, 17, 18, 26 və 27-ci, “Əraf” surəsinin 52-56-cı, “Həşr” surəsinin 19-cu ayəsindən axıra kimi və “Hud” surəsinin 90-91-ci ayələrini çox oxu;
- Əhli-beytə (ə.s) məhəbbət bəsləməyi, onların (xüsusilə imam Hüseynin) (ə.s) matəm Məclisində iştirak etməyi unutma!
Mənbə: Shafaqna