Hicri-qəməri təqvimi ilə zilhiccə ayından sonra məhərrəm ayı başlayır. QMİ-dən verilən məlumata əsasən, məhərrəm ayının ilk günü iyulun 30-na təsadüf edəcək. Bu barədə iyulun 15-də APA xəbər verib.

Bu ay Peyğəmbərin (s) nəvəsi İmam Hüseynin (ə.s) şəhid edildiyi aydır. Məhərrəm, həmçinin qəməri təqvimində yeni ilin (1444-cü il) başlandığı aydır.

QMİ-nin sədr müavini Fuad Nurullayevin sözlərinə görə, Aşura günü avqustun 8-i, Ərbəin isə sentyabrın 17-si olacaq.

Ərbəin – İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günüdür və səfər ayının 10-na təsadüf edir. Peyğəmbər (s) ailəsinə hörmət naminə matəm günləri səfər ayının sonunadək qeyd edilir. Səfər ayının isə sentyabrın 26-da sona çatacağı bildirilib.

Azərbaycanda adət olaraq, hər il məhərrəm ayında qanvermə aksiyaları təşkil olunur. Bu il də sözügedən tədbirlərin həyata keçirilməsi gözlənilir.