Bu gün, iyulun 15-də Əhli Beytin (ə.s) 10-cu İmamı Əliyyən-Nəqi Əl-Hadinin (ə.s) mövlud günüdür. Həzrət hicrətin 212-ci ilində zilhiccə ayının 15-də Mədinə yaxınlığındakı Sərya adlı yerdə dünyaya gəlmişdir.
İmamın məşhur ləqəbləri Nəqi və Hadi idi. Həzrətin imaməti səkkiz yaşında başlayıb. İmam Hadi (ə.s) bir neçə Abbasi xəlifələrinin hakimiyyətini görüb. O, 233-cü ilə qədər Mədinədə yaşayıb. Lakin xəlifə Mütəvəkkil xilafətinin ilk illərində İmamın qiyamından qorxduğu üçün Həzrəti Samirra şəhərinə göndərib. Xəlifənin məqsədi İmama nəzarət etmək və onun Əhli Beyt (ə.s) davamçıları ilə əlaqəsini kəsmək olub.
Rəvayətlərə görə, İmam xüsusi kəramət sahibi idi. Bir gün ayağı yaralanmış xəlifə Mütəvəkkili həkimlər sağalda bilmirdi. Mütəvəkkilin anası İmamın evinə gələrək ondan dərman istəmişdi. Həzrətin verdiyi dərmandan sonra xəlifə sağaldı. Həkimlər bu işə heyran qalmışdılar. Xəlifənin anası isə təşəkkür üçün Həzrətə min dinar göndərmişdi. İmam Hadi öz növbəsində pulların hamısını yoxsullar arasında paylamışdı.
Həzrət Əliyyən-Nəqi 254-cü ildə Samirrada zəhərlənərək şəhid edilmişdir. İmam 20 il müddətində həbs edildiyi evdə dəfn olunmuşdur.