Ələ üzük taxmaq İslamın mədəniyyətindən hesab edilir. Bu işi həm Peyğəmbər (s), həm də İmamlar (ə.s) görərdi. Sağ ələ əqiq, yaqut, firuzə, dürr və ya hədid daşından üzük taxmaq müstəhəbdir. Belə ki, hər bir daşın özünəməxsus xüsusiyyətləri var.
Əqiq üzük namazın fəzilətini artırar. Bu barədə İmam Sadiqdən (ə.s) belə rəvayət olunub: “Allaha dua etmək üçün göyə qalxan əllər arasında Allah yanında əqiq üzük olandan daha sevimlisi yoxdur”. Əqiq onu taxana ruzi-bərəkət gətirər və dualarının qəbul olmasına səbəb olar. İmam (ə.s), həmçinin buyurub: “O kəs ki əlinə əqiq üzük taxar, onun bərəkətinə görə yoxsul olmaz. Hacətləri ən yaxşı şəkildə yerinə yetər”.
İmam Rza (ə) buyurub: “Əqiq yoxsulluq və ehtiyaclılığı aradan aparar”.
Bu daş, həmçinin bəlaların insandan uzaq olmasına yardım edir. İmam Əli (ə.s) buyurub: “Əlinizə əqiq üzük taxın ki, Allah sizə bərəkət versin və bəladan amanda saxlasın”.
Əqiq, adətən, Yəməndə, Hindistanda, İranda və Çində olur. Daşın rəngi qırmızı, sarı, göyə çalan kül və ağ rənglərdə mövcuddur. Əqiqin bir neçə əlaməti var ki, onlarla daşın həqiqi olub-olmaması müəyyən edilir:
- Daşı odla yandırmaq olmaz;
- Şüşə üzərində xətt qoyar;
- İşıq şüasında arı pətəyinə bənzər naxış görünər;
- Ucu iti olan şeylər əqiq daşa təsir etməz və üzərində xətt qoymaz.
Qədim zamanlarda əqiq müqəddəs daş sayılırdı. Bu səbəbdən, əksər insanlar onu üzərində daşıyardı. O, həmçinin mühitdə mənfi enerjini təmizləmək xüsusiyyətinə malikdir.