Nyu-York ştatında Fatimeyi-Zəhra (s.ə) məscidində baş verən partlayışdan sonra müsəlmanlara maddi və mənəvi yardım göstərilib. Bu barədə iyulun 12-də islamnews xəbər verib.

Məlumata görə, ştatın hakimiyyəti tərəfindən Lonq Aylend müsəlman icmasına mənəvi dəstək verilib. ABŞ-ın yəhudi icması isə müsəlmanlara maddi yardım göstərib.

Hadisədən sonra məscid rəhbərliyi təhlükəsizlik tədbirlərini artırmaq və ərazidə kamera quraşdırmaq qərarına gəlib. Bundan əlavə, məscidin mühafizəsinə mühafizəçilərin cəlb olunması da planlaşdırılır.

İyulun əvvəlində Fatimeyi-Zəhra məscidi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb. İbadət evinin qarşısındakı aypara simvolunun önünə partlayıcı atılıb.

Keçən cümə Nyu-York qubernatoru Keti Hokul məscidi ziyarət edib. Amerika Yəhudi Komitəsi yandırılmış aypara simvolunun təmiri üçün ianə yığmağa başlayıb. Yığılan pulun məscidin rəhbərliyinə bağışlanacağı bildirilib.