Müslim ibn Əqil İmam Əlinin (ə.s) qardaşı oğlu və İmam Hüseynin (ə.s) əmisi oğlu idi.
Əbu Talibin dörd oğlu var idi: Talib, Əqil, Cəfər və Əli (ə.s). Əqil Əbu Talibin ikinci oğlu olub. Tarixdə Müslim ibn Əqilin doğum tarixi qeyd olunmayıb. Lakin məlumdur ki, o hicrətin 60-cı ilində 28 yaşında ikən Kufədə şəhid edilib.
Müslim ibn Əqilə ləyaqətli, mübariz, pak qəlbi, qorxmaz və rəhmli xüsusiyyətlərini aid edirlər. O, İmam Əlinin (ə.s) qızı Rüqəyyə ilə izdivac etmək iftixarını qazanmışdır. Müslim İmam Həsənin (ə.s) və İmam Hüseynin (ə.s) vəfalı köməkçilərindən və xüsusi səhabələrindən sayılırdı. Sonda da öz canını bu yolda fəda etdi. Hətta Əqilin övladları belə İmam Hüseynin (ə) ilahi hərəkatının qurbanı olublar.
Tarixdə qeyd edilib ki, hicrətin 60-cı ilində Kufə və Bəsrənin tanınmış şiələri İmam Hüseynə (ə.s) minlərlə məktub yazmış və hətta onun hüzuruna Əbu Əbdillah Cədəlinin başçılığı ilə nümayəndə heyəti göndərmişdilər. Onlar İmam Hüseyni (ə.s) Kufəyə dəvət edərək Həzrətdən Yezidi xilafətdən uzaqlaşdırmağı xahiş ediblər. İmam Hüseyn (ə.s) dəvəti qəbul edərək Kufənin vəziyyətini dəqiq qiymətləndirmək üçün oraya getməyə məhz Müslim ibn Əqili layıq görüb. Həzrət Kufədən gələn qonaqlara buyurub: “Mən qardaşım və əmim oğlu Müslimi sizinlə Kufəyə göndərirəm. Əgər xalq ona beyət etsə, Kufəyə gələrəm…”.
Nəhayət, Müslim Kufəyə gəlib, Muxtar Səqəfinin evində qalıb. Şiələr dəstə-dəstə onun evinə gəlib Əqilə beyət ediblər. Bir neçə gün sonra Müslim İmama (ə.s) məktub yazıb. Məktubun məzmunu belədir: “Kufə camaatı hamı sizinlədir. İndiyədək onlardan 18 min adam mənə beyət etmişdir. Bu məktub sizə çatan kimi dayanmadan Kufəyə tərəf yola düşün”.
Bundan xəbər tutan Yezid Kufəyə Bəsrə hakimi Ubeydullah ibn Ziyadı Kufə valisi vəzifəsinə təyin edib. Yezid ona Müslimi həbs etmək və ya öldürmək tapşırığı verib. İbn Ziyad üzünə niqab salaraq gecə vaxtı məxfi şəkildə Kufəyə gəlib. O, satqın muzdurlarından istifadə edərək Müslimin tərəfdarları arasında nifaq saldı. Bundan sonra isə Müslim tək-tənha qalaraq zilhiccə ayının 9-u şəhid edildi.