Ayətullah Seyyid Məhəmməd Nəcəfi Badkubeyi dövrünün görkəmli İslam şəxsiyyətlərindən biri olub. Onun atası Ayətullah Seyyid Hüseyn Badkubeyi dövrünün məşhur İslam alimi, həkim, mütəfəkkir, tanınmış filosofu və mərceyi-təqlidlərindən biri olub.

Ayətullah Seyyid Məhəmməd Nəcəfi ilk təhsilini Nəcəfdə məşhur İslam alimlərindən, o cümlədən atası Seyyid Hüseyn Badkubeyidən alıb. O, ali təhsilini atasının Nəcəfi-Əşrəfdə açdığı “mədrəsəyi Hüseyn Badkubeyi” adlı elmi mərkəzdə davam etdirib və uzun çalışmalardan sonra ictihad məqamına çatıb.

Sonra Ayətullah Bakıya gəlmək niyyəti ilə yola düşür. İran ölkəsindən keçərək Ənzəli limanında bir müddət sakin olur. Lakin kommunistlərin Azərbaycanı işğal etməsi ilə əlaqədar bütün sərhəd məntəqələri bağlanmışdır. Ona görə də Ayətullah Seyyid Məhəmməd Badkubeyi Ənzəli məntəqəsi əhalisinin xahişi ilə bu yerdə sakin olur və Nəcəfə qayıtmır.

Seyyid Məhəmməd Ənzəlidə özünün əxlaqı, təqvası və kəraməti ilə məşhur olub. Müxtəlif məntəqələrdən olan adamlar alimin elm və nəsihətlərindən bəhrələnmək üçün onun mənzilinə pənah gətirirdilər.

Ayətullah Seyyid Məhəmməd Nəcəfi Badkubeyi 1960-cı ildə Ənzəlidə vəfat edib və bu şəhərdə dəfn olunub.

Hazırda alimin qəbri Ənzəli əhalisinin ziyarətgahı kimi tanınır. Sakinlər alimin qəbrini zərihlə dövrəyə almış və bu qəbri böyük ziyarətgahlardan birinə çevirmişlər.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.