Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), sahib olduğunuza (qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa surəsinin 36-cı ayəsi)

Hədislərə baxış keçirəndə məlum olur ki, imanlı olmaq üçün qonşularla yaxşı davranmalısan. Mömin sözü ağıza gətiriləndə insanlar çox vaxt yalnız namaz qılan şəxsi düşünürlər. Peyğəmbər (s) buyurub: “Qonşulara yaxşı davransan, möminsən“, “Qonşusu ac ikən özü tox olan kimsə mömin deyildir”. Həmçinin Peyğəmbər (s) buyurub ki, kim ölsə, üç qonşusu olsa və bu üçü ondan razı olarsa, bağışlanacaqdır.

İslamda qonşunun haqları:

Peyğəmbərdən (s) rəvayət olunur: “Qonşunu incidən məni incidir, kim məni incidirsə, Allahı incidir. Kim qonşusu ilə dava etsə, mənimlə dava etmiş, kim mənimlə dava etsə, Allahla dava etmiş olar”. Bununla da, İslam dininin qonşuya nə qədər hörmət etdiyi aydın olur.

İnsan qonşu xəstələnəndə gərək ona baş çəksin, öləndə cənazəsində iştirak etsin, evinə dəvət edəndə dəvətini rədd etməsin. Allahın nemət verdiyi şəxslərin üzərində kasıbların və acların doyuzdurulması məsuliyyəti var. Əgər insan belə etməsə, həmin insanların haqqını yemiş olar. Qonşunun çörək almağa pulu olmadığını bilən müsəlman buna göz yummamalıdır. Evdə yemək bişirən zaman yeməyin iyi yayılarsa, ondan kasıb qonşulara, körpə uşaqları olan ailələrə paylamaq lazımdır.

Digər bir hədisdə qonşunun haqları barədə Peyğəmbər (s) belə buyurub: “Sizdən kömək istəsə, ona kömək etməlisiniz. Əgər sizdən borc istəsə, siz ona borc verməlisiniz. Onun ehtiyaclarını ödəməlisiniz. Əgər başına bir müsibət gəlsə, ona başsağlığı deyin. Əgər xoşbəxtdirsə, onu təbrik edin. Əgər xəstədirsə, onu ziyarət edin. Əgər dünyasını dəyişərsə, onu dəfn edin. Evinizi hündür etmək istəyirsinizsə, icazə alın. Meyvə alırsınızsa, bir qab da ona verin. Bunu etmək istəmirsinizsə, onu gizlədin. Belə olmasın ki, qonşunuz sizin aldığınız meyvə və yeməyi görüb həsrət çəksin. Əgər yeməyin iyi yayılırsa, qonşunuza yemək verin”.

Mənbələr: İqna.ir, News.milli.az