Bu il Həcc mövsümündə 130 minə yaxın zəvvara tibbi yardım göstərilib. Bu isə ümumi zəvvar sayının 13%-ni təşkil edir. Bu barədə iyulun 11-də AZƏRTAC xəbər verib.
Səudiyyə Ərəbistanının səhiyyə nazirinin sözlərinə görə, zəvvarlar üzərində 447 dializ seansı keçirilib. Bundan əlavə, 10 ziyarətçiyə açıq ürək əməliyyatı, 187-nə isə ürək kateterizasiyası əməliyyatı edilib.
Göstərilən xidmətlərdə 25 mindən çox tibb işçisi və 2 min könüllü iştirak edib.
Azərbaycanlı zəvvarların səhhətində isə ciddi problemlər müşahidə olunmayıb. Belə ki, QMİ nümayəndəsi Vüsal Cahangiri bəzi zəvvarlarda müəyyən qədər soyuqdəymə əlamətlərinin ola biləcəyini qeyd edib. Bu isə yüksək hava temperaturunun olması ilə bağlıdır.