Azərbaycanda bəzi qəbirlərin üzərində dinə zidd şəkillər qoyulur. Mövzu ilə əlaqədar ilahiyyatçı Ceyhun Şükürov iyulun 12-də yenisabah.az-a müsahibə verib.
Din xadiminin sözlərinə görə, əvvəllər məzar üzərində yazılar olmurdu. Hətta Peyğəmbərin (s) zamanında qəbir üzərində orada dəfn olunanın yalnız adı və atasının adı qeyd olunurdu. Sonralar qəbirlərin üzərində bəzi dualar həkk edilirdi.
Lakin bu gün qəbirlərə baxdıqda mərhumun həyatda olarkən nə işlə məşğul olduğu da bəlli olur. Bəzi qadın mərhumların başdaşlarına nəzər saldıqda isə onun eyş-işrətlə məşğul olduğunu hesab etmək olar. Bütün bunlar İslam ideologiyasına ziddir.
Bundan öncə, mart ayında Sumqayıt qəbiristanlığında pişik üçün məzarın hazırlanması məsələsi qınanılıb. Belə ki, sahibi Masya adlı ev pişiyinin ölümündən sonra onun üçün insan qəbiristanlığında məzar hazırlayıb. Məzarın hətta üzərində pişiyin şəkli olan başdaşı da quraşdırılıb.