Əsrlər boyu müqəddəs Kəbə evinin örtüyü – kisva Misirdən Məkkəyə gətirilib. 1962-ci ildən isə örtüyün istehsalını Səudiyyə Ərəbistanı öz öhdəsinə götürüb. Buna baxmayaraq, Misirdə kisvanın tikilməsi ənənəsi qorunub saxlanmaqdadır. Bu barədə İslamNews məlumat paylaşıb.
Usta Əhməd Osman koməkçiləri ilə birgə qızıl sapla parça üzərində Quran ayələrini tikir. Bir əsr əvvəl bu işi ustanın babası görürdü. Kisva hazır olduqdan sonra Məkkəyə aparılırdı. Sonuncu dəfə Misir istehsalı olan kisva 1926-cı ildə Kəbə evini bəzədi. Daha sonra, 1962-ci ilədək kisvanın tikmə işlərinin bir hissəsi Misirdə, bir hissəsi isə Səudiyyə Ərəbistanında həyata keçirilirdi. Hazırda Kəbə evinin örtüyünün istehsalı tamamilə Səudiyyə Ərəbistanında həyata keçirilir.
Buna baxmayaraq, Qahirənin mərkəzində yerləşən emalatxana misirli alıcılar üçün kisvanın kiçik versiyalarını tikməyə davam edir.
Əhməd bildirib ki, o, bu işi qazanc üçün deyil, ata-baba adət-ənənələrini və Quran ayələrinin qara ipək üzərində tikmə üslubunu qorumaq üçün özünə missiya hesab edir.