Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi Məkkə, Ərəfat, Müzdəlifə, Mina və Cəmaratdakı xəstəxanalar və sağlamlıq mərkəzlərində müalicə alan zəvvarların sayının bazar gününə qədər 97 262 nəfərə çatdığını bildirib. Bu barədə Arab News xəbər verib.
Bu Həcc mövsümündə nazirlik zəvvarlara müalicə xidmətləri göstərmək üçün terapevtik avadanlıqlarla təchiz olunmuş səhiyyə məntəqələri hazırlayıb. Həcc ziyarəti zamanı bazar gününədək təxminən 25 min tibb işçisi tərəfindən 97 mindən çox şəxsə yardım göstərilib.
Göstərilən ən görkəmli xidmətlər arasında 10 açıq ürək əməliyyatı, 187 ürək kateteri qoyulub, 379 dializ əməliyyatı, 10 laparoskopik əməliyyat və 250-dən çox başqa cərrahiyyə əməliyyatı keçirilib. Həmçinin 2200-dən çox zəvvar üçün nazirliyin Virtual Sağlamlıq Xəstəxanası tərəfindən məsafədən xidmət göstərilib.
Qeyd edək ki, tibb məntəqələri ilə yanaşı, zəvvarlara yaşayış, nəqliyyat, qida və ayinlərini yerinə yetirərkən ehtiyac duya biləcəkləri digər xidmətlər də təqdim edilir.