Bu gün dünya müsəlmanları Qurban bayramını qeyd edir. Bayram zilhiccə ayının 10-da başlayır, 3 gün davam edir və Həccin bitməsini bildirir. İslamda Qurban bayramı ən vacib bayramlardan biridir. Qurban kəsmək Həcc zəvvarları üçün vacib, digərləri üçün isə müstəhəbdir.
Müqəddəs Qurani-Kərim İbrahim peyğəmbərin (ə.s) oğlunu Allaha qurban verməsindən bəhs edir. Quranda oğlunun adı qeyd olunmur, amma onun İsmayıl olduğu hədislərdən bəlli edilir. Oğlunu Allaha qurban verməsi barədə İbrahim (ə.s) peyğəmbərə vəhy olunur. Peyğəmbər isə Allahın bu əmrini qəbul edib oğlunu qurbangaha aparır. Orada İsmayılı (ə.s) kəsməyə çalışarkən İbrahimin (ə.s) bıçağı uşağı kəsmədi. Bu zaman Cəbrayıl (ə.s.) bir erkək qoçla peyğəmbərə nazil oldu. Mələk İbrahimə bunun Allahın sınağı olduğunu və oğlu əvəzinə qoçu qurban kəsməyini dedi. Bu münasibətlə hər il bu tarixdə müsəlmanlar qoç, quzu, inək və ya dəvəni Allah yolunda qurban kəsirlər.
Qurbanlıq əti üç hissəyə bölmək müstəhəbdir. Bir hissəni özünə, bir hissəni qohum və qonşuya, qalanını isə ehtiyacı olanlara vermək bəyənilir. Hədislərə istinad olaraq, imamət qurbanlıq əti məhz bu şəkildə bölüşdürüb. Quranda qurbanlıq barədə bir çox ayələr var, onlardan biri Həcc surəsinin 27-28-ci ayələridir: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!”
Kövsər surəsinin 2-ci ayəsində buyurulub:“Rəbbin üçün namaz qıl və qurban kəs!” Quranda, həmçinin buyurulub: “Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır”.
Bayram günü bir sıra bəyənilən əməllər var. Bunlar qüsl etmək, bayram namazı qılmaq və qurban kəsməkdir. Bayram namazı İmamın (ə.f) qeyb dövründə müstəhəb, hüzuru dövründə isə vacibdir. Sözügedən namaz həm fərdi qaydada, həm də camaatla qılına bilər.