Azərbaycanın Xaçmaz rayonunda yerləşən məscidlər yararsız vəziyyətə salınıb. Yerli sakinlərin aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq ibadət evlərinin vəziyyəti dəyişməz olaraq qalır.

Sözügedən abidələrdən biri 1995-ci ildə inşa edilən Qoçaqlı kənd məscididir. Məscidin görünüşündən aydın olur ki, onun binası qəzalı şəraitdədir. Yerli sakinlərin birinin sözlərinə görə, məscidin bərpası ilə bağlı dəfələrlə İcra Hakimiyyətinə müraciət olunub. Sakinlər hətta Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məktublar ünvanlayıb. Lakin ibadətgahın taleyi ilə maraqlanan olmayıb.

Rayonun yararsız vəziyyətdə olan digər ibadətgahı isə 1993-1995-ci illərdə Xudat şəhərində inşa olunan Şeyx Məhəmməd Yaraqlı məscididir. 2001-ci ildən ibadət evinin fəaliyyəti dayandırılıb. Məscidin ətrafı məişət tullantıları ilə doldurulub, ibadətgahın özü isə dağıdılıb. Binanın damı və döşəməsi sıradan çıxıb, pəncərələri sındırılıb. Kənd sakinləri baş verənlərdə təqsirkar olaraq Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevi görürlər.

Mədcidin içərisinə pivə butulkalarının qapaqları, hətta şprislər belə atılıb. 2012-ci ildə Xudat bələdiyyəsinin sədri Elman Allahyarov bildirib ki, məscidin təmir edilməməsinin səbəbi onun dövlət qeydiyyatında olmamasıdır.

Qeyd edək ki, Xaçmazın Şıxlar kənd məscidi də illərdir yararsız vəziyyətdə olub. Lakin bu ilin mart ayında Mədəniyyət Nazirliyindən məsciddə təmir-bərpa işlərinin aparılacağı söylənilib.

Sovet dövründə məsciddən bir müddət taxıl anbarı kimi istifadə olunub. 1960-cı illərdən isə məscid binası boş qalıb və zaman keçdikçə baxımsız vəziyyətə düşüb. Sözügedən ibadətgah XIV-XVI əsrlərdə inşa edilib və yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Yerli sakinlər sadalanan məscidlərin tezliklə bərpa olunmasına ümid etdiklərini bildiriblər. Amma ibadətgahların bərpasının başlaması haqda hələ heç bir məlumat daxil olmayıb.