İyulun 8-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qurbanlıq heyvanların kəsimi ilə bağlı əhaliyə müraciət edib. Bu barədə Report xəbər verib.

Müraciət AQTA-nın bu gün keçirdiyi brifinqində edilib. Məlumata görə, Agentlik heyvan kəsimi və satışı ilə məşğul olan şəxsləri qanunun tələblərinə əməl etməyə çağırıb. Vətəndaşlara isə heyvan kəsimi və satışını müəyyənləşdirilmiş yerlərdə həyata keçirmək tövsiyə edilib.

Heyvan kəsimi və satışının küçə və yol kənarında antisatinar şəraitdə baş verməsini müşahidə edən şəxslərdən bu barədə Agentliyin “1003-Çağrı Mərkəzinə” məlumat verməsi xahiş edilib.

İyulun 4-də Qurban bayramı ilə əlaqədar fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerlərinin siyahısı açıqlanıb. Ölkə ərazisində 134 ünvanda heyvan kəsimi və satışının həyata keçiriləcəyi bildirilib. Həmin ünvanların 61-də kəsim və satış, 54-də yalnız satış, 19-da isə yalnız heyvan kəsimi xidməti göstəriləcək.