İmam Rza (ə.s) hərəmində 20-dən çox təmir və tikinti işləri həyata keçirilir. Bu barədə ziyarətgahın mətbuat xidməti məlumat verib.
Bildirilib ki, hazırda hərəmin bəzi hissələrində döşəmə və səkilərin daşları dəyişdirilir. Bundan əlavə, ziyarətgah ərazisində əlavə yaşıllıqlar salınır.
Hərəmdə ən mühüm lahiyələrdən biri isə Şeyx Bəhai yeraltı kompleksinin inşasıdır ki, buranın sahəsi 26 min kvadratmetr təşkil edir. Layihə mühəndisinin sözlərinə görə, indiyədək hərəmdə bir yeraltı kompleks var idi. Lakin Şeyx Bəhai kompleksinin tikintisi ilə hərəmin altında artıq iki əlavə mərtəbə mövcud olacaq.
Bundan əlavə, Həzrət Rzanın (ə.s) hərəmində yeni muzey də inşa edilir. Belə ki, ziyarətgah xeyli sayda dəyərli əşyalara malikdir. Lakin onların saxlanılması üçün kifayət gədər yer yoxdur. Bu səbəbdən yeni muzeyin tikintisinə qərar verilib.
Bundan öncə, iyunun 17-də hərəmin həyətində döşəmə daşları yenisi ilə əvəz olunub.
Ötən ay İmam Rzanın (ə.s) mövlud günündə hərəmin muzeyini təqribən 12 min nəfər ziyarət edib. Bu rəqəm muzeyə bir gün ərzində gələn zəvvarların sayının rekord göstəricisidir.