İlahiyyatçı Hacı Şahin Həsənli “İslamda doğum gününü qeyd etmək” mövzusuna toxunub. Ruhani bildirib ki, din ad gününü qeyd etməyi qadağan etmir. Bu barədə Bizim.Media xəbər verib.

“Dinimizdə doğum gününü qeyd etməklə bağlı ənənə yoxdur. Amma din bunu qadağan da etmir. Sadəcə, dinimizin qaydalarına əməl etməliyik. Doğum günündə israfçılıq və təmtərah olmamalıdır. Amma dində doğum günündə səni kiminsə təbrik etməsi ilə bağlı heç bir qadağa yoxdur”, – deyə Hacı Şahin bildirib.

Azərbaycanda bir çox ailələrdə ad günü məclisi musiqi ilə keçirilir. İlahiyyatçı dində musiqi ilə bağlı müxtəlif fikirlərin yer aldığını vurğulayıb.

“Musiqi haqqında din alimlərinin fikirləri müxtəlifdir. Bəzi mənbələrdə dinin musiqini tam qadağan etdiyi göstərilir, amma alimlər arasında musiqi dinləməyi məqbul bilənlər də var. Müsəlmanın dinlədiyi musiqi insanlara reallığı unutdurub günaha dəvət edən musiqilər olmamalıdır. Bayağı musiqilər dinləmək və bunu içki içərək reallaşdırmaq qəti qadağandır. Musiqi insani və mənəvi dəyərlərə zidd olmazsa, din onu qadağan etmir”, – deyə o qeyd edib.

Xatırladaq ki, iluyun 7-si Hacı Şahinin doğum günü idi. Hazırda o, ailəsi ilə birlikdə Kərbəla ziyarətindədir.

Hər şey təsadüfən alındı. Biz hazırda ailəmlə birlikdə müqəddəs Kərbəla ziyarətindəyik. Mən, ümumiyyətlə, heç zaman ad günümü xüsusi qeyd etməmişəm. Adətən bu günü ailəmlə birlikdə keçirmişəm. Bəzən dostlarım ad günümdə məni açdıqları halal süfrələrə dəvət ediblər və mən də onları qırmayıb iştirak etmişəm”,- deyə o əlavə edib.