Dövrünün görkəmli alimi, fəqihi, müctəhidi Ayətullah əl-Üzma Şeyx Məhəmməd 1817-ci ildə İrəvanda anadan olub. O, Fazil İrəvani adı ilə də tanınır.

Şeyx Məhəmməd, ibtidai və orta təhsilini İrəvan şəhərində aldıqdan sonra, dini elmləri öyrənmək üçün Kərbəlaya səfər edir və orada alim Ayətullah Seyyid İbrahim Qəzvininin dərslərində iştirak edir. Çox keçmir ki, Şeyx fəlsəfədə böyük müvəffəqiyyətlər qazanır. Bir müddət sonra alim Nəcəf şəhərinə köçür. Burada o, məşhur alimlər Ayətullah Şeyx Ənsaridən, Şeyx Həsən Kurkanidən, Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfidən dərs alır, eyni zamanda fiqh və üsul dərslərini tədris edir. Bu müddət ərzində Şeyx İslam aləminə onlarla müctəhid təqdim etmişdir.

Yüksək elmi məqama çatan alimin şöhrəti hər yerə yayılır. Məhəmməd İrəvaninin çoxlu müqəllidləri olub. Hindistan, Türkiyə, Qafqaz, İran və Rusiyadan ona şəriət vergiləri göndərilirdi. O, isə bunları ehtiyacı olan dini tələbələr arasında bölürdü.

Alimin “İctimaul-əmri vən-nəhy”, “Əl-ictihadu vət-təqlid”, “Əhkamul-xələfi fis-səlat” və digər elmi əsərləri var.

Ayətullah əl-Üzma Şeyx Məhəmməd İrəvani 1889-cu ildə vəfat edib və Nəcəfdə dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.