Özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edən Babayev Aqil Zalış oğlunun məhkəmə iclası iyulun 19-na təyin edilib. Bu barədə 1news.az xəbər verib.

Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.

Daxili İşlər Nazirliyinin apardığı araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev 2000-2021-ci illər ərzində aldatma yolu ilə inanclıların külli miqdarda pullarını ələ keçirib. Babayev camaata özünü yer üzündə ilahi qüvvə kimi təqdim edib. İmam Mehdi olduğunu iddia edən şəxş axirət əzabından xilas olmaq üçün ona inanmaq vacıb olduğunu deyib. O, inanclılardan hər ay zəkat bəhanəsilə pul alıb deyirdi ki, pulu ehtiyacı olanlara, həmçinin şəhid və qazi ailələrinə verir. Sonradan məlum olub ki, o, külli miqdarda pul ilə xeyriyyəçilik əvəzinə, öz ehtiyaclarını ödəyib. Paytaxtda bahalı mənzillər və avtomobillər alıb.

50-yə yaxın vətəndaş həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqları haqda ifadə veriblər. Zərarçəkən vətəndaşların sözlərinə görə, Aqil Babayev onları aldadaraq çox məbləğdə pul yığıb. Kimsə öz biznesini bağlayıb cəmdə 500 min, kimsə öz gəlirindən cəmdə 100 min pul verib. Pulu gecikdikdə həmin şəxslərə qarşı zorakılıq edib və bildirib ki bu, onların günahlarının bağışlanması üçündür. Aqil Babayev 24 avqust tarixində saxlanılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb.