Pir Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun mərkəzindən 55 km məsafədə, Ərəfsə kəndində, Əlincəçayının sol sahilindəki təpənin üstündə, orta əsrlərə aid qəbiristanlıqda yerləşir. Tarixçilər ziyarətgahın yaranmasını Səfəvi hökmdarı I İsmayılın (1501-1524) hakimiyyəti dövrünə aid edirlər.

Pirin adı kəndin adından götürülüb, qədim Sak türklərinin adı ilə bağlıdır.

Pirin içərisində iki otaq var. Otaqlardan birində üç məzar var. Ərəfsə pirinin mücövüri (ərəbcə baxıcı, əziyyətini çəkən mənasında) Nübar Yusif qızının dediyinə görə, pirdəki məzarlardan biri Səyyid Hüseyn ağanın, digərləri isə onun oğullarınındır.

Ehtimal edilir ki, əvvəllər pirin yerində xanəgah mövcud olub.

Pir binası XIX əsrdə bərpa olunmuşdur. Deyilənlərə görə, ərazidə Səyyid Hüseyn tərəfindən mədrəsə yaradılmış, İslam dinindən təlimlər keçirilmişdir. Ehtimal olunur ki, Səyyid Hüseynin məzarı yanındakı digər qəbirlər onun davamçılarınındır (müridlərindən).

Pir binasında 1985-ci ildə təmir işləri aparılıb. Orada iki otaq və eyvan tikmişlər.

Mənbələr:

  1. Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan-2008.
  2. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.
  3. kataloq.gomap.az