Bu gün, iyulun 7-si Həcc zəvvarları ziyarət ayinlərini yerinə yetirməyə başlayacaqlar. Bu və Azərbaycandan olan zəvvarlar barədə QMİ-nin rəsmisi Vüsal Cahangiri APA-ya məlumat verib.

QMİ rəsmisinin sözlərinə görə, bu gün zəvvarların bir hissəsi Minaya, digər bir hissəsi isə Ərəfat çölünə çıxacaq. Növbəti gün isə zəvvarlar Ərəfat çölündə böyük Həccin ayinlərini icra edəcəklər.

Ayinlərin zöhrdən şamadək davam edəcəyi bildirilib. Şam azanından sonra ziyarətçilər Ərəfatdan Müzdələfə çölünə gedərək orada ibadətlərini davam edirlər. Səhər isə onlar Minaya doğru hərəkət edirlər. Zəvvarlar Minanın çadır şəhərciyində məskunlaşdıqdan sonra şeytana daş atmağa yollanırlar. Onlar orada əqəbədə (böyük şeytana) 7 daş atıb qurbangahda heyvan kəsməyə yollanırlar. Qurban kəsdikən sonra zəvvarlar çadırlara qayıdır və saçlarını kəsirlər.

Növbəti iki gündə zəvvarlar kiçik, orta və böyük şeytanlara 7 daş atırlar. Daha sonra onlar Kəbəyə tərəf qayıdıb Həcc, Nisa və Vida təvaflarını həyata keçirəcəklər. Bundan sonra onlar Həcc ayinlərini yerinə yetirmiş olurlar.

Vüsal Cahangiri, həmçinin zəvvarların səhhətindən də danışıb. “Zəvvarlarımızın səhhətində heç bir problem yoxdur. Sadəcə hər Həcc ziyarətində bəzi zəvvarlarda müəyyən qədər soyuqdəymə əlamətləri ola bilər. Havanın temperaturu 40 dərəcədir, bu isə bura üçün münasib temperaturdur. Əvvəlki illərdən fərqli olaraq, hərdən zəif meh də əsir”, – deyə QMİ rəsmisi qeyd edib.

Qeyd edək ki, bu il Azərbaycandan Həccə 680 zəvvar səfər edib. Gedişlər 29, 30 iyun və 1, 2 iyul tarixlərində baş tutub. Hacıların ölkəyə qayıdışı 19-20 iyul tarixlərində gözlənilir.