Azərbaycanda dua yazmaqla tanınan şəxs dələduzluqda ittiham olunub. Təqsirli bilinən şəxs 1 il 3 ay müddətinə həbs olunub. Bu barədə iyulun 7-də qafqazinfo xəbər verib.

Məlumata görə, əslən Ağcəbədidən olan 30 yaşlı Oqtay Vəliyev (ad və soyad şərtidir) öz tanışına dua yazmaqla onun universitetə daxil olacağını vəd edib. O, Memarlıq və İnşaat Universitetinə daxil olmaq üçün yazdığı dua müqabilində 5500 manat məbləğində pul alıb.

Araşdırmalar zamanı Oqtay Vəliyevin bundan öncə də sözügedən fəaliyyətlə məşğul olduğu məlum olub. Belə ki, o, başqa bir şəxsə 900 manat müqabilində onu bəd dualardan azad edəcəyini söyləyib.

Nəticədə Oqtay Vəliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilib.

İslam dinində bəd nəzərdən qorunmaq və hacətlərin qəbul olunması üçün xeyli sayda dualar mövcuddur. Lakin sözügedən sahədən dələduzluq məqsədilə istifadə etmək şəriətə əsasən, haramdır.