Dövrünün görkəmli alimi, fəqihi, müctəhidi Ayətullah əl-Üzma Mirzə Fəzləli Müctəhid İrəvani 1862-ci ildə Təbrizdə anadan olub. O, Mollabaşı adı ilə məşhur olan din xadimi Molla Əbdül Kərim İrəvaninin oğludur.

Mirzə Fəzləli İrəvani ərəb dilinin müqəddimə dərslərini Təbrizin tanınmış din xadimlərindən öyrənir. O, orta və ali təhsilini, fiqh və üsul dərslərini Ayətullah Mirzə Məhəmməd Həsən Müctəhid Zənunidən alır. Bir müddət sonra alim Nəcəf şəhərinə köçür. Burada İrəvani məşhur alimlər Ayətullah Fazil Şərəbyani, Şeyx Zeynal Abidin Mazandarani, Məhəmməd Hüseyn Kazimi və başqalarından dərs alır. O, təhsilini başa vurub, müctəhidlərdən ictihad icazəsini aldıqdan sonra Təbrizə qayıdır.

Mirzə Fəzləli İrəvani, həmçinin şair olub. Onu tanıyan şairlər ona “Səfa” ləqəbi vermişdilər.

Alimin “Şərhi qəsideyi eyniyyeyi Himyəri”, “Riyakdul-Əzhar”, “Hədiqətul-arifin” və başqa elmi əsərləri var. Onun “Divani-Əşar” əsəri ərəb və fars dilində çap edilib.

Ayətullah əl-Üzma Mirzə Fəzləli Müctəhid İrəvani 1918-ci ildə vəfat edib və Təbrizdə dəfn olunub.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.