Qurbanlıq ətin bölünməsinə dair vacib hökm yoxdur. Lakin müstəhəbdir ki, qurbanlıq üç hissəyə bölünsün. Ətin bir hissəsi şəxsin özünə qalır, bir hissəsini qohum və qonşuya, qalanını isə ehtiyaclılara paylamaq bəyənilir. Hədislərə nəzər saldıqda məlum olur ki, İmamət (ə.s) qurbanlıq əti məhz bu şəkildə bölüb. (“Biharul-ənvar”, Əllamə Məclisi, 99-cu cild, səh.296, 16-cı hədis).
Quranda bu barədə belə yazılıb: “Qoy onlar öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara verdiyi heyvanları (qurban kəsərkən) Allahın adını çəksinlər. Onlardan özünüz də yeyin, məzlum yoxsullara da yedirdin!”
Azərbaycanda adət olaraq belə bir məsələ ilə üzləşmək olar ki, bəziləri gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Belə ki, sözügedən dini ayini yerinə yetirən şəxs öz heyvanını kəsməlidir. Öz heyvanı yoxdursa, diri heyvanı alıb kəsməlidir. Əgər özü kəsə bilmirsə, başqasını bu işə vəkil edə bilər. Heyvan kəsiminə vəkil tutmaq haqqında saytımızda məqalə yerləşdirilib.
Qeyd edək ki, imkanı olmayanlar bir neçə nəfər yığışıb, bir heyvanı qurban kəsə bilərlər. Bu halda qurbanlıq ət bərabər hissəyə bölünməlidir və hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək imkanı olmalıdır. İnsanın özü və ailəsi adından bir heyvan kəsməsi caizdir. Bildirək ki, qurbanlıq ətin və ya heyvanın digər hissələrinin satılması caiz deyil. Qurbanın dərisini isə sədəqə vermək müstəhəbdir.