Zilhiccə ayının 10-da müsəlmanlar arasında Qurban bayramı qeyd olunacaq. Bayramda qurbanlıq heyvan kəsmək müstəhəbdir. Lakin sözügedən əməl Həcc zəvvarları üçün vacib ayin hesab edilir.

Hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində 134 ünvanda heyvan kəsimi və satışının həyata keçiriləcəyini bildirilib. Bu gün, iyunun 6-dan etibarən qurbanlıq heyvanları sifariş etmək olar. Heyvanları bayram günləri saat 08:00-dan 20:00-dək götürmək mümkün olacaq.

Sirat.az Araz Supermarketlə əlaqə saxlayıb, heyvanların kəsim və çatdırılma qaydası ilə bağlı məlumat əldə edib. Market nümayəndəsinin sözlərinə görə, kəsim üçün tam sağlam heyvanlar seçilir və İslam şəriətinə uyğun olaraq kəsilir. Daha sonra heyvanın əti və içalatı kəsim məntəqəsindən marketə çatdırılır. Heyvanın başı, dərisi və ayaqları çatdırılma zamanı gigiyenik normalara riayət ermək məqsədilə sifarişçiyə təqdim olunmur. Belə olan halda diri quzunun bir kilosu 6,90 manata başa gəlir. Sifariş olunan heyvanın minimal çəkisi 28 kilo olmalıdır. Kəsim zamanı edilən tullantılardan sonra isə alıcıya heyvanın ümumi çəkisinin minimum 45%-i çatacaqdır.

Sözügedən məsələdə alıcı qurbanlıq heyvanı sifariş edir, daha sonra isə həmin heyvan alıcının adından kəsilir. Yəni qurban kəsmək istəyən şəxs başqa birisini özünə vəkil tutub (bizim halda Araz Supermarketi) dini ayini icra etmiş olur. Burada heyvanı kəsən şəxsin müsəlman olması vacib şərtdir.

Şəriətə əsasən, qurban kəsmək təkcə bayram günü deyil, ondan sonra üç gün müddətində də mümkündür.