İyulun 6-da Həcc ziyarəti başlayıb. Bu barədə APA xəbər verib.

Koronavirus pandemiyası başlayandan sonra bu, ilk böyük Həcc ziyarətidir. Belə ki, bu il Krallıq 1 milyon zəvvarın ziyarətə gəlməsinə icazə verib. Onlardan 150 mini yerli əhali, 850 mini əcnəbidir.

2020-ci ildə pandemiya səbəbilə Həcc ziyarətində təxminən 10 min zəvvar, 2021-ci ildə isə 60 min zəvvar iştirak edə bilib. Qeyd edək ki, sözügedən zəvvarlar Səudiyyə Ərəbistanının vətəndaşları və ölkədə daimi yaşayan əcnəbilər olub. Cari şərtlərin yumşaldılmasına baxmayaraq, ziyarətin zəvvar sayı əvvəlki həddinə çatmayıb. Belə ki, 2019-cu ildə Məkkəni ziyarət edən zəvvarların sayı 2,5 milyon nəfər olub.

Bu il Azərbaycandan Həccə 680 nəfər zəvvar yollanıb. Ziyarətin qiyməti 9106 manat təşkil edib. Yaşı 65-dən yuxarı olan şəxslərin Həcc ziyarətinə getməsinə icazə verilməyib.