“Qurban” – “Allaha yaxınlaşmaq üçün vəsilə olan” deməkdir. Bu ayin Həcc ziyarətində olanlara vacibdir, digərləri üçün isə müstəhəb əməl hesab olunur. Qurban kəsilməsinin icra vaxtı zilhiccə ayının 10-u, bayram namazından sonra başlayır və zilhiccənin 13-də gün batana qədər davam edir. Qurban niyyəti ilə olan heyvanların kəsim qaydaları adi heyvanların halal kəsim qaydaları ilə eynidir.
Heyvanı müsəlman olan həm kişi, həm qadın, həm də pisi yaxşıdan ayıra bilən uşaq kəsə bilər. Heyvanı kafir kəsərsə, həmin ət halal olmaz. Qurbanı kəsmək üçün niyyət olmalıdır və o, yalnız Allah üçün kəsilməlidir. Kəsim zamanı “Bismilləhir-Rahmənir-Rahim, Allahu Əkbər” deyilməsi vacibdir.
Daha öncəki məqalədə qeyd olunduğu kimi, Allah yolunda yalnız dəvə, qoyun, keçi, qoç və inək cinslərindən olan heyvanları qurban vermək olar. Kəsilən dəvənin 5 yaşdan, qoyunun (keçi) 7 aydan, inəyin isə 2 yaşdan yuxarı olması vacibdir. Qurbanlıq heyvan sağlam və nöqsansız olmalıdır.
Qurbanlıq heyvan şəriətə uyğun, rahat və çox incitmədən kəsilməlidir. Bunun üçün iti və iri bir bıçaq istifadə olunmalıdır və heyvan bu bıçağı görməməlidir. Heyvanın qarşısında digər heyvanları kəsmək bəyənilmir. Heyvanın başı kəsilən zaman o, ayaq üstə və ya oturan halda olsa, üzü qibləyə tərəf baxmalıdır. Əgər heyvan yanı üstə uzadılmış olsa, gərək kəsilən yeri və qarnı üzü qibləyə olsun. Müstəhəbdir ki, heyvanın başını kəsənin də üzü qibləyə olsun.
Heyvan kəsməyin üsulu belədir: Onun dörd böyük damarı: nəfəs borusu, udlaq və onların yan tərəflərində olan iki yoğun damarı eyni vaxtda kəsilsin. Heyvanın bədənindən adi miqdarda qan axıdılmalıdır. Əgər qan onun damarlarında laxtalanarsa və ondan qan axmazsa və ya axan qan o növ heyvana nisbətdə az olarsa, o heyvan halal olmur. Qeyd edək ki, dəvə sinə ilə boyun arasında yerləşən çuxur yerə kəsici alətlə batırmalıdır.
Qoyun kəsərkən iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq, inək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq, dəvə kəsərkən isə oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını bağlamaq müstəhəbdir.