Səudiyyə Ərəbistanı hakimiyyəti icazəsiz olaraq Həcc mərasiminə qatılanları cərimələyəcəyini bildirib. Bu barədə iyulun 5-də SalamNews xəbər verib.
Krallığın Daxili İşlər Nazirliyi ziyarət mövsümünün təşkilini təmin etməyə və qanun pozuntularının qarşısını almağa hazır olduğunu açıqlayıb.
Məlumata görə, hər kim icazə almadan ziyarətə qatılsa, 2 665 ABŞ dolları (4 530 manat) məbləğində cərimə ediləcək. Bundan əlavə, Həcc ziyarətinə icazəsiz tur təşkil edənləri də 13 300 dollar (22 610 manat) və altı ay həbs cəzası gözləyir. Belə şəxslər caza aldıqdan sonra krallıqdan deportasiya olunacaq. Qanun pozuntusunda istifadə edilən avtomobil isə müsadirə olunacaq.
Bu il Həcc ziyarətində 1 milyon zəvvarın iştirakına icazə verilib. Azərbaycana ayrılan kvota isə 680 nəfər təşkil edib. Ziyarətin qiyməti 9 106 manat müəyyən edilib.