Qurban bayramı ilə əlaqədar fəaliyyət göstərəcək heyvan satışı və kəsimi yerlərinin siyahısı açıqlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat verib.
Ölkə ərazisində 134 ünvanda heyvan kəsimi və satışının həyata keçiriləcəyi bildirilib. Həmin ünvanların 61-də kəsim və satış, 54-də yalnız satış, 19-da isə yalnız heyvan kəsimi xidməti göstəriləcək.
Qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək bayram günləri saat 08:00-dan 20:00-dək mümkün olacaq.
Məlumata görə, sözügedən proses müvafiq norma və qaydalara uyğun baş tutacaq. Belə ki, qurbanlıq heyvanlar baytarlıq nəzarətindən keçdikdən sonra alıcılara təqdim olunacaq. Əlavə məlumat alıcılara bayrama bir neçə gün qalmış siyahıda qeyd olunan obyektlər tərəfindən veriləcək.
Heyvan kəsimi haqda məlumatla linkdə qeyd olunan məqalədə tanış olmaq olar.
Bu il Azərbaycanda Qurban bayramı iyulun 9-10-u qeyd ediləcək. İyulun 9, 10, 11 və 12-si isə qeyri-iş günləri olacaq.