Azərbaycanda fəaliyyət göstərən Darul Hikmət Elm və Tədris Mərkəzi Qədir-Xum bayramı ilə əlaqədar müsabiqə elan edib. Bu barədə mərkəzin sosial şəbəkələrində məlumat verilib.
Müsabiqə iyulun 17-də saat 21:00-da tədris ocağının telegram kanalında keçiriləcək. Yarışmada veriləcək suallar “İslam şəriəti” movzusunun 1-15-ci dərslərini əhatə edəcək. Sözügedən mövzu ilə tanış olmaq üçün linkə keçid edib oradakı videodərsləri dinləmək kifayətdir.
Yarışma başladıqda mərkəzin telegram kanalında paylaşılacaq linkə daxil olub orada ad, soyad, əlaqə nömrəsi və yaşayış şəhərini qeyd etmək lazım olacaq. Bu xanaları doldurub “Növbəti” düyməsini kliklədikdən sonra ekranda suallar əks olunacaq.
Müsabiqə 30 test sualından ibarətdir. Onların cavablandırılması üçün isə 30 dəqiqə vaxt ayrılacaq. Yanlış cavablar doğru cavablara təsir göstərmir. Sualların cavablarını 21:30-dək göndərmək vacibdir.
Sualları doğru və qısa zamanda cavablandıran ilk beş iştirakçı aşağıdakı mükafatları qazanacaq:
1-ci yer – 50 AZN;
2-ci yer – 30 AZN;
3-cü yer – 20 AZN;
4 və 5-ci yer – Mərkəzin kitabxanasına 6 aylıq üzvlük.
Müsabiqə zamanı köməkçi materiallardan istifadə etmək, sualları qrup şəklində həll etmək olmaz.
Qədir-Xum bayramı Zilhiccə ayının 18-də (18 iyul) qeyd olunur. Bu gün İslam dinində əlamətdar günlərdən biridir. Belə ki, Məhəmməd (s) Peyğəmbər vida həccində olarkən Həzrət Əlini (ə.s) özündən sonra canişin elan edib.