Azərbaycanlı Həcc zəvvarlarının səhhətində heç bir narahatlığın olmadığı bildirilib. Bu barədə “Report”a hazırda Həccdə olan QMİ-nin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov xəbər verib.

Məlumata görə, iyulun 7-si axşam saatlarında zəvvarların Ərəfat dağına qalxacağı nəzərdə tutulub. Həcc ziyarətinin qaydasına görə, zilhiccə ayının 9-da zəvvarlar dağın ətrafındakı Ərəfat çölündə gün doğandan, şam azanına qədər qalmalıdır. Bu müddət ərzində onlar bir anlıq da olsa belə, ayaq üstə qalxmalıdır. İyulun 9-10-11-i isə şeytana daş atma ayini keçiriləcək.

Hacıların ölkəyə qayıdışı 19-20 iyul tarixlərində planlaşdırılır.

Bu il Azərbaycandan Həccə 680 nəfər zəvvar yollanıb. Ziyarətin qiyməti 9106 manat təşkil edib. Yaşı 65-dən yuxarı olan şəxslərin Həcc ziyarətinə getməsinə icazə verilməyib.