Ayətullah Hacı Şeyx Cəfər 1904-cü ildə Lənkəranda, ruhani ailəsində anadan olub. O, Azərbaycanın İrandakı tanınmış alimlərindən biri idi.
Mirzə Cəfər 15 yaşınadək atası Molla Rəcəbdən İslam dinindən dərs alıb. Lənkərani 1920-ci ildə İranın Tehran şəhərinə gedir və burada orta və ali səviyyədə dini elmləri öyrənir. O, 1927-ci ildə təhsilini artırmaq üçün Qum şəhərinə gedərək, oradakı alimlərdən, həmçinin Şeyx Əbdül Kərim Hairi Yəzdidən dərs alır. Daha sonra Nəcəfi-Əşrəf elmi mərkəzində Ayətullah Mirzə Hüseyn Naini, Ayətullah Seyyid Əbül Həsən İsfahani, Ayətullah Mirzə Ağa İrəvani və başqa alimlərdən bəhrələnir. Bundan sonra o, yenidən İranın Tehran şəhərinə köçür.
Lənkərani Tehran şəhərinə qyıtdıqdan sonra, ömrünün sonuna kimi Vəzir-dəftər məscidində axund kimi çalışır.
Ayətullah Hacı Şeyx Cəfər Lənkərani Tehranda 1973-cü (1974) ildə vəfat edib. Onun nəşi Tehrandan Qum şəhərinə gətirilərək, yeddinci İmam Museyi-Kazimın (ə.s) qızı Həzrət Məsumə (s.ə) hərəmində dəfn edilib.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.
- Elşən İsmayıllı. Lənkəran qəzasının maarifçi alimləri. Bakı-2019.