Həcc mövsümünün başlaması ilə birgə Qurban bayramı da yaxınlaşır. Belə ki, bayram zilhiccə ayının 10-cu gününə təsadüf edir.
Qurban bayramında heyvan kəsmək Həcc zəvvarları üçün vacib, digərləri üçün isə bəyənilən əməldir. Lakin şəriətə əsasən, hər bir heyvanı kəsmək olmaz. Yalnız dəvə, qoyun, keçi, qoç və inək cinslərindən olan heyvanları Allah yolunda qurban vermək olar. Sadalanan hər bir heyvanın isə öz minimal yaşı var. Belə ki, kəsilən dəvə 5 yaşdan, qoyun (keçi) 7 aydan, inək isə 2 yaşdan yuxarı olmalıdır.
Bundan əlavə, heyvan tam sağlam olmalıdır. Zəif, qoca, buynuzsuz, şikəst və hər hansı bir nöqsanı olan heyvanı kəsmək Allaha qarşı ədəbsizlikdir.
Əti halal olan heyvanların bəzi bədən üzvlərini yemək haramdır. Bunlar: qan, peyin, cinsiyyət üzvü, balalıq, düşul adlı vəzi, xayalar, beyindəki noxud formalı hissə, onurğa beyni, onurğanın iki tərəfindəki piy, öd kisəsi, dalaq, sidik kisəsi, gözün hədəqəsidir.
Heyvanın mütləq erkək olması şərt deyil. Dişi heyvanı da kəsmək olar. Lakin Həzrət İbrahimə (ə.s) endirilən qoç erkək cinsli olub.
Qurbanlıq heyvanın kəsilməsinin ən gözəl vaxtı bayram günüdür. Lakin sonrakı 2 gün ərzində də qurban kəsmək olar.
Kəsilən heyvandan əldə olunan ət ehtiyaclılar arasında bölünməlidir. İnsan ətin üçdə bir hissəsini özünə, üçdə birini qohumlara, qalanını isə fəqirlərə paylaya bilər. Həzrət Peyğəmbər (s) vida Həccində kəsdiyi dəvənin ətini bütövlüklə paylamışdı. O, hətta dəvənin yəhərini də sədəqə vermişdi.
Xatırladaq ki, Azərbaycanda bu il Qurban bayramı iyulun 9-10-u qeyd ediləcək. Bu günlərin şənbə və bazara təsadüf etdiyinə görə 9, 10, 11 və 12 iyul tarixləri qeyri-iş günləri olacaq.