Ayətullah Hacı Seyyid Cəfər Dərbəndi XX əsrin İslam alimlərindən biridir. Onun atası Ayətullah Seyyid Əbu Turab Dərbəndi azərbaycanlı alimlərdən biri idi.
Seyyid Cəfər atası ilə birlikdə İrana gəlir və Tehran şəhərində sakin olur. Alim burada dini və elmi fəaliyyətə başlayır. Ruhani tələbələr alimin tədrisini eşidib hər tərəfdən onun dərsinə gəlirlər. Ayətullahın bundan əlavə, Tehranda İslam dini haqqında olan beynəlxalq elmi bəhslərində və Əhli Beyt (ə.s) yolunu təbliğ etməkdə bir çox xidmətləri olub.
Seyyid Dərbəndi elmi və əməli məqama çatıb.
O, Tehranın məclislərindən birində camaat namazını təşkil etmişdir. Alimin arxasında namaz qılanların sayı o qədər çox olmuşdur ki, hətta məsciddə yer çatmırdı. Hər il Ramazan ayında o, Dərbəndə gedər və xalqı İslam dininin həqiqətləri ilə tanış edərdi.
“Gəncəyi danişməndan” kitabının müəlifi Hacı Şeyx Məhəmməd Şərif Rza Seyyid Cəfər Dərbəndi haqqında belə yazıb: “Mərhum Seyyid Cəfər Dərbəndinin İslam alimləri ilə çox əlaqəsi var idi. O cümlədən, Ayətullah-əl-Üzma Hacı Seyyid Əbül Qasim Kaşani ilə dost idi. Dərbəndi vəfat edən zaman Ayətullah Kaşaninin onun cənazəsini müşayiət etmək üçün qoca vaxtında Tehrandan ayaqyalın Rey şəhərinə gəlməsini öz gözlərimlə müşahidə etmişəm…”.
Ayətullah Hacı Seyyid Dərbəndi 1964-cü ildə Tehranda vəfat edir və oranın Rey şəhərində dəfn edilir.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.