Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “Şah Abbas” məscidinin bərpası və yenidən istifadəyə verilməsi gündəmdədir. Bu barədə APA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Belə ki, məscid bərpa olunması üçün dövlət büdcəsində nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib. “Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa edilir. Həmin məscidin də bərpası planlaşdırılır”, – deyə Xidmət rəsmisi bildirib.

Hazırda “Şah Abbas” məscidi qəzalı vəziyyətdədir. Tarixi mənbələrə görə, məscid 17-ci əsrə aiddir.

İbadətgah Səfəvilər ərazisində I Şah Abbasın inşasına fərman verdiyi 999 məsciddən biridir. 1930-cu illərə kimi fəaliyyət göstərən məscid binasından Sovet dövründə anbar kimi istifadə edilib. 1984-1986-cı illərdə tikilidə əsaslı təmir işləri aparılıb.