Məscid Bakı şəhərinin Yasamal rayonunda, Mirzə Fətəli Axundov küçəsi 7-də yerləşir. İbadət evi 1905-1914-cü illərdə xeyriyyəçi Nabat Xocabəy qızı Aşurbəyovanın təşəbbüsü ilə tikilib.

Əvvəllər şəhər sakinlərindən biri Təzəpirin yerləşdiyi ərazidə su quyusu qazanda təsadüfən məzar aşkar edib. Dindarlar oranı ziyarət yerinə çevirib və “Təzəpir” adlandırıblar. Tezliklə Şeyx Əbu Səid bu məkanda eyni adlı məscid tikdirib. Tarixçi Sara Aşurbəyli “Bakı şəhərinin tarixi” kitabında bu məzarı XIV əsrdə yaşayan və dövrünün görkəmli alimi Əbu Seyid Abdullaya aid edib. Məscid o zamandan bir neçə dəfə dağıdılaraq, yenidən təmir olunub. 1817-ci ildə Bakının sonuncu xanı Hüseynqulunun kürəkəni Qasım bəy tərəfindən ibadətgahda təmir-bərpa işləri aparılıb.

Rəvayətə görə, Nabat Aşurbəyovanın oğlu həbs olunur, lakin ertəsi gün bərayət qazanaraq azadlığa buraxılır. Həbsdə qaldığı gecə yuxuda bir ağsaqqalı görür. Ağsaqqal ona deyir: “Sən günahkar deyilsən, səbirli ol, sabah azadlığa buralıxacaqsan. Bu müjdəyə görə Şeyx Əbu Səid məzarın yerində təzə məscid tik”.

Aşurbəyova oğlunun azad olunmasından sonra məscidin tikintisi ilə bağlı memar Zivər bəy Əhmədbəyova müraciət edir. Ona məscidin inşası üçün maddi vəsait ayırır və şərq ölkələrinə göndərir. Zivər bəy Əhmədbəyov şərq üslublu məscid memarlığı barədə məlumat toplayır və öyrəndiklərini Təzə Pirin inşasında tətbiq edir.

23 iyul 1905-ci ildə birmərtəbəli abidənin yerində yeni məscidin inşası başlanılır. Nabat xanım bünövrə daşını qoymaq üçün Hacı Zeynalabdin Tağıyevi dəvət edir. Deyilənə görə, tikinti zamanı Aşurbəyovanın maddi çətinlikləri yaranır. Tağıyev ona yardım təklif edir, lakin Nabat xanım qəbul etmir. O öz mülkiyətini sataraq, məscidin tikintisini davam etdirir. 1914-cü ildə ibadət evinin inşası başa çatır. Layihənin son daşını da məhz Hacı Zeynalabdin qoyur.

Nabat xanım məscidin tam tikili vəziyyətini görə bilməyib. O, 1912-ci ilin dekabr ayında 117 yaşında vəfat edib. İbadətgahın tikintisini onun oğlu Hacı Abbasqulu Rzayev davam etdirib. Hörmət əlaməti olaraq Aşurbəyova, sonradan isə onun oğlu məscidin baş qapısının yanında dəfn ediliblər.

Bakı şəhəri Təzəpir məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.