Azərbaycanın dəyərli alimlərindən sayılan Axund Molla Müseyib 1850-ci ildə Gəncə şəhərində dünyaya gəlib.

Müseyib Gəncəvi ibtidai dini təhsilini doğma şəhərində yerli ruhanilərdən alıb. Onun ilk ustadlarından biri mərhum Seyyid Əli Gəncəvi olub. Gəncədə yaşadığı müddətdə o, Quran qiraəti, Gülüstan və Bustan kimi kitabların mütaliəsi ilə maşğul olub.

Gənc yaşlarında Molla Gəncəvi İraqın Nəcəf şəhərinə köçüb və təhsilini oranın dini hövzəsində davam etdirib. O orada Seyyid Hüseyn Kuhkəməri, Muhəmməd Fazil İrəvani və Mirzə Həbibullah Rəşti kimi böyük alimlərdən elm öyrənib.

Ali dini təhsilini başa vurduqda Axund Molla Müseyib Gəncəyə geri qayıdıb. Alimlik dərəcəsinə yüksəlmiş ruhani vətənində İslam maarifi, moizə, dini təbliğat və İslam elmlərinin tədrisi ilə məşğul olmağa başlayıb. Sonralar isə o, Axund Molla Yaqub və şəhərin digər ruhaniləri ilə birlikdə sovet repressiyalarına qarşı fəaliyyətə başlayıb. Bu müddət ərzində alim hakimiyyət tərəfindən tənqid və təzyiqlərlə məruz qalıb.

Axund Müseyib Gəncəvinin dəqiq vəfatı tarixi məlum deyil. Lakin onun 1930-cu ildən sonra dünyasını dəyişməsi ehtimal edilir. Mərhum alim Gəncə şəhər qəbiristanlığında dəfn olunub.

Mənbə: aypara.tv

Şəkil: aypara.tv