Bu gün, zilqədə ayının sonuncu günü şiələrin doqquzuncu İmamı olan Həzrət Cavadın (ə.s) şəhadət günüdür.
İmam Məhəmməd Təqi (ə.s) hicrətin 195-ci ilində, Rəcəb ayının 10-da Mədinə şəhərində anadan olub. O, ali xüsusiyyətlərinə görə “Cavad” ləqəbini alıb.
İmam Cavadın (ə.s) 110 nəfərə yaxın şagirdi olmuşdur. Şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyyə ibn Adəm, Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində seçilən şəxslər də vardır.
İmam Cavad (ə.s) təxminən, səkkiz yaşında ikən, atası imam Rzanın (ə.s) şəhadətindən sonra, hicrətin 203-cü ilində imamət məqamına çatıb. Həzrətin (ə.s) imamət dövrü 17 il sürüb. O, Abbasi xəlifəsi Mötəsim tərəfindən zəhərlənib.
Həzrət Cavadın (ə.s) şəhadət zamanı yaşının 25 olduğu bildirilir. Bu səbəbdən o, şəhid edilən ən gənc İmam hesab edilir.
Həzrət (ə.s) Bağdadın Qüreyş qəbiristanlığında, babası İmam Kazimin (ə.s) məzarının yanında dəfn edilib.