Dəstəmazsız insanın Qurani-Kərimin mətninə (ərəbcə) toxunması haramdır. Mətnə toxunmaq nəyinki əl ilə, hətta digər bədən hissələri ilə də (diş, üz, dodaq və s.) icazəli deyil.  Quran ayələri digər bir əşyalarda (pul, xalça və s.) yazılsa da onlara dəstəmazlı olmadan toxunmaq haramdır. Quranın hansı əşyanın üzərində yazılmasının fərqi yoxdur, istər ağac, kağız və ya digər bir yer olsun. Lakin Quranın mətn olmayan hissələrinə toxunmaq haram olmasa da, məkruhdur. Müqəddəs kitabı dəstəmazlı olmadan üzərində daşımaq, həmçinin məkruh hesab edilir.

Mətnin üzərində şüşə, nazik plastik qoruyucu qatı və ya başqa bir örtük olsa, ona toxunmağın heç bir eybi yoxdur.

Hansı dildə yazılmasından asıllı olmayaraq, Allahın adına dəstəmazsız toxunmaq da haramdır. Lakin “Allah” adı yerinə “ا…” kimi işarəyə və ya digər bir sözə dəstəmazsız toxunmağın eybi yoxdur. “Ər-Rəhman”, “Müqəllibəl-Qulub” kimi Allahdan başqası üçün işlədilməyən adlara dəstəmazsız toxunmaq icazəli deyil. Bu fətva, həmçinin əksər halda Allah üçün işlədilən adlara (Rəbb, Xaliq və s.) da şamildir. Məlum olsa ki, bu ad Allaha deyil, hansısa bir insana aiddir, o zaman ona toxunmaq icazəlidir. Allah və ondan başqası üçün işlədilən adlara (Rəhim, Əzim və s.) da dəstəmazsız toxunmaq olar. Lakin bir şərtlə ki, o adların Allaha işarə etməməsi məlum olsun. Əks halda bu haram sayılır.

Peyğəmbər (s) və Məsumların (ə.s) adlarına dəstəmaz olmadan toxunmaq caizdir, lakin müstəhəb ehtiyyata əsasən bundan çəkinmək lazımdır.

Mənbə: Ayətullah əl-üzma Seyyid Əli Sistani. Geniş izahlı şəriət məsələləri, 1-ci cild.