Sabah, iyunun 29-da Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların 180 nəfərdən ibarət ilk qrupu Səudiyyə Ərəbistanına səfər edəcək. Bu haqda Report QMİ rəsmisi Vüsal Cahangirinin sözlərinə istinadən xəbər yayıb.

Məlumata əsasən, ziyarətçilər Bakıdan Ciddəyə saat 12:30-da yola düşəcəklər. Zəvvarların növbəti qruplarının uçuşları isə iyunun 30-u, iyulun 1-i və 2-si həyata keçiriləcək. Onların Vətənə dönüşü iyulun 19-20-də gözlənilir.

Ziyarətə gedənlər iki doza vaksin vurdurmalı və Səudiyyə Ərəbistanına daxil olmazdan 72 saat öncə PCR testi verməlidirlər.

Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.

Bu il Səudiyyə Ərəbistanı Həcc ziyarətinə dünya üzrə 1 milyon zəvvar qəbul edəcək. Azərbaycan üçün isə 680 nəfərlik kvota müəyyən edilib. Ziyarətin qiyməti 9 106 manat təşkil edib.