Rəvayətlərə görə, Xanım Fatimeyi-Zəhra (s.ə) bir müddət ev işlərində çətinlik çəkirdi. Həzrət Əli (ə.s) bunu görüb, ona buyurdu ki, atasının yanına getsin və kömək üçün xidmətçi istəsin. Xanım Zəhra (s.ə) Peyğəmbərin (s) hüzuruna gedib, lakin utandığından öz xahişini etmədən geri qayıdıb. Səhərisi gün Peyğəmbər (s) sübh vaxtı Həzrət Fatimənin (s.ə) evinə yollanıb və dünən gəlməsinin səbəbini soruşdu. İmam Əli (ə.s) Peyğəmbərə (s) məsələni izah etdikdən sonra Allah Rəsulu (s) buyurdu: “Ey Fatimə, səni xidmətçidən yaxşı bir şeylə tanış edim?”. Beləliklə, Peyğəmbər (s) hər namazdan sonra və yatan zaman onları deməsi üçün “Həzrət Fatimə zikri” adı ilə məşhur olan zikri ona öyrətdi.
Xanım Zəhranın zikri “34 dəfə Allahu-əkbər, 33 dəfə Subhənəllah və 33 dəfə Əlhəmdulillah”-dan ibarətdir.
İmam Sadiq (ə.s) buyurub: “Çoxlu zikrdən məqsəd Fatimeyi-Zəhranın (s.ə) zikridir ki, təkbir (Allahu əkbər), həmd (Əlhəmdulillah) və təsbihdən (Subhənəllah) ibarətdir”.
Hədislərdə Fatimeyi-Zəhranın (ə.s) bu zikrini “La ilahə illəllah” kəlməsi ilə tamamlamaq tövsiyə edilir.
İmam (ə.s), həmçinin buyurub: “Hər kəs Allahı çox xatırlasa, Allah-taala ona öz lütfü sayəsində behiştlərində yer verəcək”.
İmam Hadidən (ə.s) nəql edilir ki, Əhli-Beyt (ə.s) yatan zaman on əməli yerinə yetirib. Onlardan biri də Həzrət Zəhranın (s.ə) zikridir.
İmam Sadiqin (ə.s): “Bu zikri oxumaq bizim üçün min rəkət namazdan üstündür”.
İmam Baqir (ə.s): “Allah-taalaya hər namazdan sonra deyilən Həzrət Fatimənin (s.ə) zikrindən daha üstün bir əməllə ibadət olunmamışdır və əgər ondan daha üstün bir əməl olsaydı, Peyğəmbər (s) onu qızı Fatiməyə (s.ə) bəxş edərdi”.
İmam Sadiq (ə.s): “Hər kəs vacib namazdan sonra sağ ayağını sol ayağının üstündən götürməmişdən əvvəl Fatimeyi–Zəhranın (s.ə) zikrini desə, bütün günahları bağışlanar və bu zikri “Allahu-Əkbər”dən başlasın”.
Hədislərə əsasən, Fatimeyi-Zəhranın (s.ə) zikrinin faydaları kimi bədbəxtlikdən nicat tapmaq, günahların bağışlanması, behiştin vacib olması, mələklərin qayğısı, təhlükələrdən qorunmağı qeyd etmək olar.