İslam alimi Ayətullah əl-Üzma Şeyx Əhməd Payani 1928-ci ildə Yardımlı rayonunun Hamarkənd kəndində dindar ailədə dünyaya gəlib. Alimin anası Musəvi seyyidlərindən idi.
Şeyx Payaninin atası sovet hakimiyyəti dövründə məcbur olaraq İranın Ərdəbil şəhərinə köçüb. O, təhsilini Ərdəbilin dini mədrəsələrində alıb. Alim orta təhsilini Ərdəbilin “Molla İbrahim” adlı mədrəsəsində alır. Bir müddətdən sonra isə o, Quma gedir və Ayətullah əl-Üzma Burucerdinin dərslərində iştirak edir.
Şeyx Payani elmi təhsilini Qum şəhərinin tanınmış alimlərindən alır. “Rəsail” kitabını Ayətullah Soltani Təbatəbaidən, “Məkasib” və “Kifayə” dərslərini Ayətullah Mücahidi və Ayətullah Mərəşi Nəcəfidən alır. Başqa üsul və fiqh dərslərini Mərhum Ayətullah Burucerdi, Ayətullah Höccət və Ayətullah Damad kimi tanınmış alimlərdən öyrənir. O, həmçinin ali dərslərini Ruhulla Xomeynidən və Ayətullah Gülpayqaninin tələbəsi olub. Təhsilini başa vurduqdan sonra Əhməd Payani yüksək dərəcəli elmi məqama yiyələnir.
Bundan sonra, Ayətullah Əhməd Payani 40 il ərzində Qum elmi mərkəzində müxtəlif fənləri tədris etmişdir. Alimin Məkasib dərsləri İslam ölkələrində geniş yayılmışdır. Onun elmi əsərlərindən “İrşadut-Talib ila həqaqiqul-məkasib” (Şeyx Ənsarinin “Məkasib” kitabına şərh), “Kifayətul-üsul” kitabına şərh, “Risaleyi əhkamul ərazi və əqsamuha”, “Risaleyi əqdi füzuli”, “Fehrest Cameuş-şətat” (mərhum Mirza Qumi) qeyd etmək olar.
Şeyx Əhməd Payani uzun sürən xəstəlikdən sonra 1997-ci ildə vəfat edib. Onun cənazəsi Həzrət Fatimeyi Məsumənin (s.ə) pak hərəmində dəfn olunub.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.
- profliqa.blogspot.com