Azərbaycanda bəzi ailələr öz övladlarını evləndirmək istəyən zaman seçimi yalnız qohumlar arasında edirlər. İslam qohumla evlənməyi qadağan etmir. Lakin belə evliliklər bir sıra ziyanla də nəticələnə bilər.

Həzrət Peyğəmbərə (s) istinadən nəql edilir ki, öz yaxınlarınızla evlənməyin ki, uşaq arıq (zəif) doğular.

Qohumluq əlaqəsi olan ailədə baş verənlər qohumlar arasında və ətrafa tez yayılır. Ailədə münaqişə baş verdikdə qohumlar bu məsələyə daha çox müdaxilə edir. Bu isə onların arasında gərginliyə və kinə səbəb olur. Nəticədə bəy və gəlin arasında olan kiçik münaqişə böyüyür.

Tədqiqatlar göstərir ki, qohumlar arasında qurulan ailələrdə yad insanlar arasında qurulan ailələrlə müqaisədə doğulan şikəst uşaqların sayı 3-4 dəfə çox olur. Qohumluq əlaqəsi nə qədər yaxın olarsa, bu təhlükə artar. Xüsusilə də əmiqızı və əmioğlu arasında olan evliliklərdə təhlükə daha çoxdur. Buna səbəb olaraq qeyd olunub ki, genlər müştərək əcdadlarına gedib çatır və hər ikisində gizli xəstəliklər üzə çıxır və övladlrında özünü göstərir. Təhlükəni qabaqcadan təyin etmək üçün evlənməzdən əvvəl qan analizləri vermək tövsiyə olunur.

Ailə psixoloqları qohumluq əlaqəsi olmayan insanlarla ailə qurmağı tövsiyə edirlər. Onların fikirlərinə görə, bu təqdirdə ailələr daha sağlam, davamlı və gərginliklərdən uzaq olar.