Xabarovsk bölgəsinin Arbitraj məhkəməsi “Nur” müsəlman təşkilatının Amurda Komsomolsk şəhərinin meriyasına qarşı iddiasını təmin edib. Bu barədə iyunun 22-də Islamnews məlumat yayıb.
Məhkəmə məscidin möminlər icmasına məxsus olduğunu tanıyıb.
Şəhərin rəhbərliyi məscidin istifadəyə verilməsinə icazə verməkdən imtina etdikdən sonra “Nur” məhkəməyə iddia qaldırıb. Meriyadan verilən məlumata görə, imtinaya səbəb binanın fasadının dizaynının və ona bitişik ərazinin abadlaşdırılmasının tam başa çatdırılmaması və layihəyə uyğun gəlməməsidir. Lakin məhkəmənin qərarına əsasən, tikinti zamanı şəhərsalma, yanğın təhlükəsizliyi, sanitariya norma və qaydalarına əməl olunub, məscid vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaratmır, başqalarının hüquqlarını pozmur.
Apellyasiya şikayəti verilməzsə, Arbitraj Məhkəməsinin qərarı bir ay ərzində qüvvəyə minəcək.
“Uzaq Şərq Məkkəsi” adlandırılan və Amurda Komsomolsk şəhərinin ilk ibadət evi olan məscidin tikintisinə 2010-cu ildə başlanılıb.