İnsan İslam dinini qəbul etdikdə, ilk növbədə, üzərinə bir sıra şəri vəzifə düşür. Bu, namaz, oruc, həcc və yüzlərlə digər məsələlərdir. Bəs şəriət hökmünü necə əldə etmək mümkündür?

Əksər insanlar şəriət hökmünü əldə etmək üçün fiqh aliminə (fəqih) müraciət edir. Buna səbəb isə fətvaların əldə olunması üçün bir sıra elmlərə yiyələnmək zərurətidir ki, alim həmin elmlərlə yaxından tanışdır. Belə müraciət “təqlid” adlanır, təqlid edənə isə “müqəllid” deyilir. Yəni alim öz elmi ilə İslam şəriətinə uyğun fətva verir, müsəlman isə ona arxalanıb hökmə əməl edir. Lakin Azərbaycanda müsəlmanların bəziləri təqlidin vacib olduğunu və təqlidə əməl etməyən insanın ibadətlərinin qəbul olunmadığını hesab edir. Amma bu, qətiyyən belə deyil.

Alimlərin nəzərincə, şəri hökmü əldə etməyin 3 yolu var: insan özü alim olmalı və Quran ilə hədislərdə fərdi olaraq axtarış aparmalı (ictihad etməli), möhtat (ehtiyat edən) olmalı və ya təqlid etməlidir. Məntiqlə də məsələnin dördüncü bir yolu yoxdur. Vəhy yalnız Peyğəmbərlərə (ə.s) gəlib. Burada möhtat o şəxsə deyilir ki, bütün fiqh alimlərinin fətvalarına baxıb ən sərt olanını seçsin. Məsələn: on alim arasında 9-u desə ki, at əti məkruhdur və yalnız bir alim desə ki, haramdır, o zaman möhtat haram hökmünə əməl etməlidir. Bununla da, o, günah etmək ehtimalını minimuma endirir. Alim olmaq üçün isə uzun müddətli tədris tələb olunur və yenə də bu müddət ərzində həmin şəxs ya möhtat, ya müqəllid olmalıdır.

Sonda təqlid edən şəxs qalır ki, o nə alim, nə də ehtiyat əhlidir. O, özünə ən ələm (elmli) müctəhidi seçib onun fətvalarına riayət edir.

Göründüyü kimi, təqlid vacib deyil. İnsanın alimlik yolunu və ya ehtiyatı seçmək hüququ var. Lakin əksər müsəlmanlar təqlid üsulunu seçməyi tərciə edir.